cümə axşamı 19 sentyabr 2024
James Webb "Yaradılış Sütunları"nı həmişəkindən daha aydın göstərib
James Webb "Yaradılış Sütunları"nı həmişəkindən daha aydın göstərib

2021-ci ilin dekabrında kosmosa buraxılan və yayın əvvəlində bütün avadanlıqları ilə kainatı müşahidə etməyə başlayan James Webb Kosmik Teleskopundan bu gün füsunkar yeni görüntülər gəlib.

Bu dəfə astronomlar NASA-nın teleskopu ilə “Yaradılış Sütunları”nı müşahidə ediblər. İllər boyu Hubble tərəfindən çəkilmiş görüntüləri ilə artıq hər kəsi ovsunlayan səma quruluşu bu dəfə hər zamankından daha aydın şəkildə nümayiş etdirilib. Yerdən 6500-7000 işıq ili uzaqlıqda yerləşən "Yaradılış Sütunları" bu dəfə qarşımıza belə çıxdı:

"Yaradılış Sütunları" adlanan bu quruluş, fotoşəkildə gördüyümüz sıx buludlar arasında yeni yaranan və yaranmaqda olan bir çox ulduzu ehtiva edir. Əldə edilmiş yeni məlumatlar sayəsində alimlər ulduzların yaranmaları mövzusunda olan mövcud modellərə yenidən nəzər sala, yaranmış yeni ulduzların saylarını daha dəqiq şəkildə təyin edə və həmin kosmik sahədə qaz və tozun daha dəqiq miqdarlarını təyin edə biləcəklər. 

Bununla yanaşı alimlər ulduzların milyonlarla il ərzində toz buludu vasitəsilə necə formalaşdıqlarına dair əlavə məlumatlar əldə etməyə ümid bəsləyirlər. Bununla belə çox güman ki, “Yaradılış Sütunları” adlı kosmik obyekt artıq mövcud deyil. Alimlərin fikirlərinə əsasən 6000 il bundan öncə sözügedən kosmik obyektə yaxın olan sahədə supernova partlayışı baş verib və nəticədə “Yaradılış Sütunları” yox olub. Lakin Yer kürəsindən onun yox olduğu hələ ki, görünmür. Belə ki, xəbərin əvvəlində də qeyd edildiyi kimi o, bizim planetdən 7000 işıq ili uzaqlığında yerləşir. Sözügedən kosmik obyektin mövcud olub-olmadığını insanlar təqribi olaraq 1000 ildən sonra öyrənə biləcəklər.

Solda Hubble teleskopunun, sağda isə James Webb teleskopunun çəkmiş olduğu foto:

Həmçini Bunları da oxuyun